2026-cı il üçün Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdən biri də 13.2.60-cı maddəyə əlavə edilən dəyişiklikdir. Dəyişikliyin mətni aşağıdakı kimidir:
“Bu maddənin və bu Məcəllənin 13.2.61-ci maddəsinin müddəaları balıqçılığa (balıq kürüsünün istehsalı istisna olmaqla) da şamil edilir. Emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları bu Məcəllənin məqsədləri üçün kənd təsərrüfatı məhsullarına bərabər tutulur;”
Bu isə o deməkdir ki, balıqyetişdirmə fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyəti kənd təsərrüfatı məhsullarının istehsalçılarının fəaliyyətinə bərabər tutulur və onlar tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsullarının satışı (Emal əməliyyatları və balıq kürüsünün istehsalı istisna olmaqla) da kənd təsərrüfatı məhsullarının satışına bərabər hesab olunur.
Nəticə etibari ilə balıqyetişdirmə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özlərinin istehsal etdikləri bu məhsulların təqdim olunmasından əldə olunan gəlirlər üzrə:
1. Fiziki şəxslər gəlir vergisindən, hüquqi şəxslər isə mənfəət vergisindən azad edilir.
2. Hüquqi və fiziki şəxslərin dividend gəlirləri vergidən azad edilir.
3. Əldə olunan gəlirlər ƏDV-dən azad edilir.
4. Bu fəaliyyətlə məşğul olan şəxslərə göstərilən aqrotexniki xidmətlər ƏDV-dən azad edilir.
5. Hüquqi və fiziki şəxslər tərəfindən bu fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisi ödəməkdən azad edilir.
6. Satışdan əldə edilmiş hasilatın həcmi sadələşdirilmiş vergidən azad edilir.