Azərbaycan Respublikasının ərazisinidən kənarda aparılan əməliyyatlar üzrə əldə olunan gəlirlərdən vergilərin müəyyən edilməsi

Bəzi hallarda Azərbaycan Respublikasının rezidenti olan şəxslər tərəfindən ölkə ərazisindən kənarda malların təqdim edilməsi (satışı) əməliyyatı aparıldıqda həmin əməliyyatlardan əldə etdikləri gəlirlərin hansı formada vergiyə cəlb olunması ilə əlaqədar suallar formalaşır. Məsələn Azərbaycan rezidenti olan vergi ödəyicisi Çin Xalq Respublikasından malı alır və həmin malları Azərbaycan ərazisinə gətirmədən (idxal etmədən) Türkiyə respublikasında yerləşən sifarişçi təşkilata (alıcıya) çatdırır. Belə olan təqdirdə rezident vergi ödəyicisində ƏDV və mənfəət vergisi üzrə öhdəliklər necə müəyyən ediləcək? Bununla bağlı vergi məcəlləsinin müddəalarına diqqət etmək lazımdır. Azərbaycan Respublikası vergi məcəlləsinin 159.2-ci maddəsinə əsasən vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Vergi Məcəlləsinin 167-ci maddəsinə əsasən malların təqdim edilməsi onların verildiyi yerdə həyata keçirilir. Qeyd olunan maddələrin müddəalarından da göründüyü kimi, Malların təqdim edilməsi yalnız Azərbaycan Respublikası ərazisində həyata keçirildikdə bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır. Əgər mallar  yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası ərazisindən kənarda təqdim olunubsa bu əməliyyat ƏDV-yə cəlb edilməyən əməliyyat hesab olunur.  Lakin bu əməliyyatlardan əldə olunan mənfəət (gəlir) vergi məcəlləsinin müddəalarına uyğun olaraq vergiyə cəlb olunan əməliyyat hesab olunur. 

 

 

Misal.  Hesab edək ki, Azərbaycan rezidenti olan “AZ” MMC (icraçı) Türkiyə respublikasında qeydiyyatda olan “TR” şirkətinin (sifarişçi) sifarişi ilə ofis avadanlıqlarını “TR” şirkətinə təqdim etməlidir. Bununla bağlı “AZ” MMC həmin avadanlıqları Çin Xalq Respublikasından 10000 manata alaraq Azərbaycan ərazisinə daxil olmadan 15000 manata  “TR” şirkətinə təqdim etmişdir. Belə olan halda əldə olunan ümumi gəlir (15000 manat) ƏDV-yə cəlb edilməyəcək. Lakin bu satışdan əldə olunan mənfəət qanunvericiliyə uyğun olaraq vergiyə cəlb ediləcəkdir. Məsələn satışdan əldə olunan gəlirin 15000 manat və bu gəlirlə bağlı çəkilən ümumi xərclərin 12000 (maya dəyəri+digər xərclər) olduğunu nəzərə alsaq bu zaman hesablanan mənfəət vergisinin məbləği (15000-12000)x20%=600 manat olacaq.