Vergi Məcəlləsinə 2026-cı il üçün təklif edilən dəyişikliklə bağlı məcəlləyə yeni əlavə edilən 155.1-1-ci maddəyə əsasən “Bu Məcəllənin 155.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır”. Burada bir neçə məqama xüsusi diqqət etmək lazımdır:
- Bu maddə yalnız pərakəndə ticarət üzrə təqdim olunan mallardan və vergi orqanında uçotda olmayan şəxslərə (vətəndaşlara) göstərilən xidmətlərdən əldə olunan gəlirlərə aiddir.
- Burada yalnız nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyə 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.
Yəni vergi ödəyicilərinin E-qaimələr əsasında satışları üzrə dövriyyələri həmçinin nağd qaydada NKA üzrə aparılan dövriyyələri əvvəlki qaydada nəzərə alınacaq.
Misal 1. Vergi ödəyicisinin son 12 ayda ümumilikdə 250000,0 manat dövriyyəsi olmuş və bu dövriyyədən 100000,0 manatı NKA üzrə nağd dövriyyə, 150000,0 manatı isə pos-terminal üzrə nağdsız dövriyyə olmuşdur. Bu göstəricilər əsasında həmin vergi ödəyicisi ƏDV qeydiyytına alınmayacaq. Çünki yeni dəyişikliyə əsasən ƏDV qeydiyyatı məqsədləri üçün həmin şəxsin dövriyyəsi 200000,0 manatı keçməyib.
Hesablama bu şəkildə olacaq:
100000,0 (NKA dövriyyəsi) + 75000,0 (150000,0/2=75000,0 pos terminal)=175000,0
Misal 2. Vergi ödəyicisinin son 12 ayda ümumilikdə 250000,0 manat dövriyyəsi olmuş və bu dövriyyədən 170000,0 manatı NKA üzrə nağd dövriyyə, 80000,0 manatı isə pos-terminal üzrə nağdsız dövriyyə olmuşdur. Bu göstəricilər əsasında həmin vergi ödəyicisi ƏDV qeydiyytına alına bilər. Çünki vergi ödəyicisi ƏDV qeydiyyatı məqsədləri üçün 200000,0 manatlıq limiti keçmişdir.
Hesablama bu şəkildə olacaq:
170000,0 (NKA dövriyyəsi) + 40000,0 (80000,0/2=40000 pos terminal)=210000,0