Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Bəs hansı halda vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməyə bilər? “vergiler.az”ın sualına vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev aydınlıq gətirir.
Vergi ödəyicisi aldığı elektron-qaimə fakturalar üzrə qarşı tərəfin bank hesabına əsas məbləği ödədikdən sonra 1 iş günündən gec olaraq ƏDV-ni ödəyərsə bu halda ona 50 faiz maliyyə sanksiyası tətbiq edilə bilər.
Misal 1:
ƏDV ödəyicisi olan “A” MMC digər ƏDV ödəyicisi olan “B” MMC-dən 5 fevral tarixində əsas dəyəri 20000,0 manat (ƏDV məbləği 3600 manat) olan mal (iş, xidmət) alıb. “A” MMC aldığı malın əsas dəyərini 20 fevral tarixində, ƏDV məbləğini isə 27 fevral tarixində ödəmiş və fevral ayının hesabatını təqdim edərkən ödənilmiş ƏDV məbləğini əvəzləşdirmişdir. Burada “A” MMC ƏDV məbləğini 1 iş günündən gec ödədiyi üçün vergi orqanı tərəfindən aparılan səyyar vergi yoxlaması zamanı əvəzləşdirilən ƏDV məbləğinə görə 1800 manat (3600x50%=1800) məbləğində maliyyə sanksiyası tətbiq oluna bilər.
Aşağıdakı 3 halda isə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməyəcək. Birinci halda əgər vergi ödəyicisi avans ödənişləri edirsə, yəni, elektron qaimə-faktura əldə etmədən əsas məbləği ödədikdən sonra 1 iş günündən gec olaraq ƏDV məbləğini ödəyə bilər. Bu halda ona maliyyə sanksiyası tətbiq edilməyəcək.
Misal 2:
Hesab edək ki, ƏDV ödəyicisi olan “A” MMC digər ƏDV ödəyicisi olan “B” MMC-dən fevral ayında alınacaq mallara görə (iş, xidmət) 5 yanvar tarixində avans olaraq bank hesabından 15000,0 əsas məbləğ ödənişi etmişdir. Lakin qeyd olunan məbləğin ƏDV-sini (2700 manat) 25 yanvar tarixində depozit hesabından ödəmişdir. Göründüyü kimi ƏDV məbləği əsas məbləğ ödənildikdən 1 iş günündən gec ödənilmişdir. Lakin buna baxmayaraq ödəniş məbləği avans olduğu üçün həmin ödənişə görə maliyyə sanksiyası tətbiq edilməyəcək.
İkinci hal odur ki, vergi ödəyicisi ƏDV məbləğini ödəyir. Ardınca isə 1 iş günündən gec olaraq əsas məbləği qarşı tərəfin bank hesabına ödəyir. Bu halda da ona maliyyə sanksiyası tətbiq edilməyəcək.
Misal 3:
ƏDV ödəyicisi olan “A” MMC digər ƏDV ödəyicisi olan “B” MMC-dən alınmalı mallara görə 2 mart tarixində ƏDV depozit hesabından 1260 manat ƏDV məbləği ödəmişdir. “A” MMC, “B” MMC-yə əsas məbləği yəni 7000,0 manatı 29 mart tarixində köçürmüşdür. Burada da baxmayaraq ki, ƏDV və əsas məbləğlərin ödənişi arasında 1 iş günündən çox vaxt keçib amma buna baxmayaraq bu ödənişə görə maliyyə sanksiyası tətbiq edilməyəcək.
Üçüncü halda isə vergi ödəyicisi, yəni alıcı tərəf həm əsas məbləği, həm də ƏDV məbləğini qarşı tərəfin bank hesabına ödəyir. Bu halda elektron qaimə-faktura əldə edən və ödənişi edən vergi ödəyicisinin əvəzləşdirmək hüququ yaranmadığı üçün ona maliyyə sanksiyası da tətbiq edilməyəcək.