İdxal edilən mallar barədə vergi orqanına məlumat verilmədikdə tətbiq edilən maliyyə sanksiyaları

Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumatlar uçotda olduğu vergi orqanına təqdim edilməlidir. Qeyd olunan maddəyə əsasən, əgər vergi ödəyicisinin qeydiyyatda yalnız bir obyekti varsa, bu halda vergi ödəyicisi tərəfindən idxal olunacaq mallar barədə vergi orqanına məlumat təqdim edilmir. Bu halda mallar qeydiyyatda olan həmin bir obyektə boşaldılmış hesab olunur. Lakin burada bəzi fərqlər var. Əgər mallar hava nəqliyyatı vasitəsilə gətirilirsə, həmin mallar gömrük nəzarətindən çıxdıqdan sonra 1 iş günü müddətində vergi orqanına məlumat verilməlidir. Digər hallarda isə mallar gömrük orqanının nəzarətindən çıxana qədər vergi ödəyicisi tərəfindən vergi orqanına məlumat verilməlidir.

Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən, göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur. Bu sanksiyanın məbləği mikro sahibkarlar üçün idxal edilmiş malın invoys dəyərinin və ya təhrif edilməklə verilibsə, təhrif eidlmiş dəyərinin 2 faizi həcmində, digər sahibkarlar üçün isə idxal edilmiş malın invoys dəyərinin və ya təhrif edilməklə verilibsə, təhrif eidlmiş dəyərinin 5 faizi həcmində müəyyən edilib.

Misal.1- kiçik sahibkarlıq subyekti meyarına uyğun olan “A” MMC Çin Xalq Respublikasından satış məqsədilə invoys dəyəri 50000,0 USD (AZN qarşılığı 85000,0 manat) olan məişət avadanlıqlarını quru yolu ilə gətirmişdir. “A” MMC-nin Bakı şəhərində bir ofisi və bir anbarı, Gəncə şəhərində isə bir anbarı vardır və vergi orqanında qeydiyyata alınmışdır. “A” MMC gətirdiyi mallar üzrə bütün idxal rüsum və vergiləri ödədikdən sonra mallar sərbəst dövriyyə üçün buraxılış rejimində gömrük nəzarətindən çıxsa da, həmin malların hansı təsərrüfat subyektinə (obyektinə) boşaldılacağı barədə vergi orqanına məlumat təqdim etməmişdir. Belə olan təqdirdə vergi orqanı tərəfindən “A” MMC-yə 85000,0*5%=4250,0 manat maliyyə sanksiyası tətbiq oluna bilər.

Misal.2-Yuxarıda qeyd olunan hal (Misal.1-də qeyd olunan hal) mikro sahibkarlıq subyektləri üçün baş verdiyi halda isə vergi ödəyicisinə: 85000,0*2%=1700,0 manat məbləğində maliyyə sanksiyası tətbiq oluna bilər.