Torpaq sahələrinin vergi uçotunda əks etdirilməsi

Mühasibat uçotu ilə vergi uçotu arasında oxşar və fərqli cəhətlər olduğu üçün bir sıra vergi ödəyiciləri torpaq sahəsini vergi uçotunda göstərilməsi üçün çətinliklərlə üzləşir, bəzi hallarda müəssisələr təqdim etdikləri mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində bu aktivi ümumiyyətlə bəyan etmirlər. Bu isə vergi uçotunun pozulması kimi qiymətləndirilir. 

Öncə əsas vəsaitlərin vergi uçotu və mühasibat uçotu anlayışına və onların arasındakı oxşar və fərqli cəhətlərinə nəzərdən keçirək. 

Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə uyğun olaraq  əsas vəsaitlər - istifadə müddəti bir ildən  çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər adlanır.

Mühasibat uçotunda isə ümumiyyətlə əsas vəsaitlər anlayışı yoxdur, sadəcə olaraq əsas vəsaitlər anlayışına uyğun olan  torpaq, tikili və avadanlıqlar qəbul edilir. Mühasibat uçotunda torpaq, tikili və avadanlıqlar dövriyyədən kənar maddi aktivlər olaraq, müəssisə tərəfindən istehsalda və ya mal-materialların çatdırılması, xidmətlərin göstərilməsi, istifadə edilməsi,  digər tərəflərə icarəyə verilməsi və ya inzibati məqsədlər üçün saxlanılması məqsədləri üçün istifadə olunur. 

Torpaq, tikili və avadanlıqlar obyekti-həmin obyektlə bağlı gələcək iqtisadi səmərənin müəssisəyə axını ehtimal edildikdə və obyektin dəyəri etibarlı əsasla qiymətləndirilə bildikdə aktiv kimi tanınır.

         Yuxarıda qeyd edildiyi kimi vergi uçotu məqsədləri üçün maddi aktivlərin əsas vəsait kimi tanınması şərtləri bunlardır: 

-istifadə müddətinin bir ildən çox;  

-dəyərinin 500 manatdan çox:

 - amortizasiya olunmasıdır. 

          Mühasibat uçotunda isə maddi aktivlərin torpaq, tikili və avadanlıqlar kimi tanınması üçün aktivin istifadə müddətinin bir ildən çox anlayışının olduğu halda, aktivin dəyərinin minimum hədd göstəricisi yoxdur. Vergi uçotunda maddi aktiv mütləq amortizasiya olunduğu halda əsas vəsait kimi tanınır, lakin mühasibat uçotunda amortizasiya olunmayan maddi aktivlərdə torpaq, tikili və avadanlıqlar kimi qəbul edilir. Buna misal olaraq, torpaq sahəsini göstərmək olar. Belə ki, torpaq sahəsi mühasibat uçotunda torpaq, tikili və avadanlıqlar üzrə uçota alındığı halda, vergi uçotunda bu əsas vəsait kimi deyil, sadəcə olaraq maddi aktiv kimi qəbul olunur. 

Eyni zamanda göstərmək lazımdır ki, vergi uçotunda torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər kapitallaşdırılaraq bu Məcəllənin 114.3.1-ci maddəsinə uyğun olaraq amortizasiya olunur.

Yuxarıda qeyd olunanlarla əlaqədar müəssisənin balansında olan torpaq sahələrinin mühasibat uçotuna uyğunluğunu təmin etməklə vergi uçotunda əks etdirilməsi zərurəti yaranır. Bildiyiniz kimi vergi uçotu məqssədləri üçün müəssisənin balans məlumatlarını özündə əks etdirə bilən mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin əsas vəsaitlər kateqoriyalarının müvafiq sətirlərində Vergi Məcəlləsinin 13.2.17-ci maddəsində qeyd olunan şərtlər nəzərə alınmaqla torpaq sahələri öz əksini tapmır. 

Bunlarla əlaqədar torpaq vergiqanunvericiliyində bilavasitə maddi aktiv kimi tanındığı üçün bəyannamənin 1 nömrəli əlavəsinin 1.10-ci (digər aktivlər) sətrində qeyd edilməsi məqsədəmüvafiq hesab olunur.