Əlavə dəyər vergisinin (ƏDV) vaxtında ödənilməməsi səyyar vergi yoxlaması zamanı vergi ödəyicilərində ciddi problemlər yaradır.
Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətindən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edildiyi göstərilmişdir.
Vergi Məcəlləsinin bu maddəsində qeyd olunan müddəalar aydın göstərildiyi üçün bunu geniş sərh etməyə ehtiyac yaranmır. Bəs hansı hallarda maliyyə sanksiyası tətbiq olunmur? Bildiririk ki, Vergi Məcəlləsinin 58.6-cı maddəsi bu Məcəllə və digər hüququ normativ aktlarla tənzimlənir və aşağıdakı qeyd olunan hallarda maliyyə sanksiyası tətbiq olunmur:
- Alıcı (sifarişçi) tərəfindən müqaviləyə əsasən əvvəlcədən ödəniş aparılmış və əsas məbləğin ödənildiyi gündən 1 iş günündən gec olaraq ƏDV məbləği ödənilmişdir. Lakin satıcı (podratçı) tərəfindən elektron qaimə-faktura ödənişlərdən sonra verilmişdir. Bu halda, maliyyə sanksiyası tətbiq edilmir. Belə ki, Vergi Məcəlləsinin 58.6-cı maddəsi bu Məcəllənin 175.1.3-cü maddəsinə əsaslanır. Bu maddəsə isə verilmiş elektron qaimə-fakturalar üzrə əvəzləşdirmədən bəhs edilir ;
- Alıcı (sifarişçi) tərəfindən əsas və ƏDV məbləği birbaşa olaraq satıcının (podratçı) bank hesabına ödənildiyi halda, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən ƏDV məbləğinin əvəzləşdirilmə hüququ yaranmır, lakin bu Məcəllənin 58.6-cı maddəsinə əsasən maliyyə sanksiyası tətbiq olunmur;
- Alınmış elektron qaimə-faktura üzrə öncə ƏDV məbləği və bu ödəniş günündən 1 iş günüdən gec olaraq əsas məbləğ ödənildiyi təqdirdə maliyyə sanksyası tətbiq edilmir. Belə ki, Vergi Məcəlləsinin 58.6-cı maddəsində əsas məbləğin ödənildiyi tarixdən 1 iş günüdən gec olaraq ƏDV məbləğinin ödənildiyi qeyd olunmuşdur. Burada isə əksinə olaraq ƏDV məbləğinin ödənildiyi gündən 1 iş günündən gec olaraq əsas məbləğin ödənildiyindən bəhs olunur.