Vergi Məcəlləsinə 2025-ci il üçün nəzərdə tutulan dəyişikliklərdən biri

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də Bazarların fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır. Beləlilklə, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə məcəlləyə yeni 16.1.11-15, 16.1.11-16 və 16.1.11-17-ci maddələr əlavə olunub. Əlavə olunan bu maddələrə əsasən bazarların mülkiyyətçiləri və ya bazarlar idarəetməyə verildikdə isə bazarların idarəediciləri (kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla) aşağıdakı qaydalara riayət etməlidirlər:

1) icarəyə verilən əmlakı icarəyə götürənlər tərəfindən obyekti vergi orqanında uçota aldıqdan sonra icarəyə götürənlərin həmin obyektlərdə fəaliyyət göstərməsinə şərait yaratmaq; Yəni bu maddəyə əsasən Bazarların mülkiyyətçiləri (yaxud idarəediciləri) icarəyə verdikləri obyektləri icarəyə götürən şəxslər vergi orqanında qeydiyyata qoymayana qədər həmin şəxslərin orada fəaliyyət göstərməsinə icazə verməməlidir.

Həmçinin bu qaydalara riayət etməyən bazarların mülkiyyətçiləri (və ya idarəediciləri) vergi məcəlləsinə yeni əlavə olunması nəzərdə tutulan 58.15-2-ci maddəsinə əsasən təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2000 manat, ikinci dəfə aşkar edildikdə 4000 manat, üç və daha çox dəfə aşkar edildikdə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur.

2) icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə (Bunun üçün xüsusi forma təsdiq olunacaq) məlumatı hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim etmək;

Həmçinin bu məlumatın vaxtında vergi orqanına təqdim edilməməsinə görə vergi məcəlləsinin 57.3-cü maddəsinə nəzərdə tutulmuş dəyişikliyə əsasən bazarların mülkiyyətçilərinə (və ya idarəedicilərinə) 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Bundan başqa Bazar mülkiyyətçiləri (və ya idarəediciləri) tərəfindən, həmçinin də əmlak icarəyə götürən şəxslər tərəfindən əmlak sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə obyektin girişində həmin obyektin vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumat (arayışı) yerləşdirilməlidir.

Həmçinin vergi məcəlləsinin 58.2-1-ci maddəsinə nəzərdə tutulmuş dəyişikliyə əsasən qeyd olunan məlumatın (arayışın) əks olunmamasına görə mikro sahibkarlıq subyektlərinə, qeyri- kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.