Vergi Məcəlləsinə yeni 16.1.11-14-cü maddəsi əlavə olunur. Həmin maddəyə əsasən mal (iş, xidmət) əldə edən şəxslər bu malları (iş, xidmətləri) onlara təqdim edən şəxslərdən onların sahibliyində müvafiq malların mövcudluğunun, iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə müvafiq təsdiqedici sənədlər əldə etmək vəzifəsi vergi ödəyicilərinin üzərinə qoyulur.
Amma bununla yanaşı Vergi Məcəlləsinə yeni 15.1.15-4-cü maddə də əlavə edilir. Həmin maddəyə əsasən, yuxarıda qeyd olunan (16.1 11-14-cü maddədə qeyd olunan) məlumatlar barədə vergi orqanında olan məlumat bazasına çıxış əldə etmək "müəyyən edilmiş qayda"lara uyğun olaraq eyni zamanda vergi ödəyicisinin hüququdur.
Eyni zamanda dəyişiklik layihəsinin keçid müddəalarına əsasən Vergi Məcəlləsinin yuxarıda qeyd olunan hər iki maddəsi (yəni 15.1.15-4 və 16.1.11-4) "müəyyən edilmiş qayda"larla eyni gündə qüvvəyə minəcək. Bu isə o deməkdir ki, vergi ödəyiciləri mal və xidmətləri əldə etdikləri qarşı tərəflərin həqiqətən bu mal və xidmətlərini qanuni şəkildə (e-qaimə, ygb, alış aktı və s) əldə edib etməməsinə dair məlumatları müəyyən qaydalar çərçivəsində öyrənə biləcəklər.
Bir mühüm məqam odur ki, vergi orqanları bu çıxış imkanlarını yaratmadan vergi ödəyicisindən 16.1.11-14-cü maddədə qeyd olunan vəzifələri tələb edə bilməz.